Quliyev Qalib Bəyməmməd oğlu 1986-cı il may ayının 6-da Azərbaycanın dilbər guşələrindən biri olan Xocalı rayonunun füsunkar təbiətə malik, Qəhrəmanlar yurdu Kosalar kəndində anadan olmuşdur. Köçkünlük həyatına görə 1993-2004-cü illərdə Gəncə şəhəri Kəpəz rayon Hacıkənd qəsəbəsində uyğunlaşdırılmış binada fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbində təhsil alıb. 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika müəllimliyi üzrə ixtisasartırma kursundan keçmişdir. 2012-ci ildən Xocalı rayon Kosalar kənd tam orta məktəbində İnformatika müəllimi işləyir. “AzEdu.az” Təhsil Portalı tərəfindən keçirilən "İlin gənc müəllimi-2019" və "İlin gənc müəllimi-2021" müsabiqələrində ilk 50 namizəd arasına düşmüşdür. 2022-ci ildə AzEdu Təhsil Portalının “Örnək müəllimlər" layihəsi çərçivəsində paytaxtda və regionlardan aktiv fəaliyyəti ilə fərqlənən 100 müəllimdən biri olmuşdur. Qalib müəllimin məsuliyyətli və fəal olması "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında dəfələrlə Xocalı rayon məktəbliləri üzərində qrup rəhbəri kimi iştirak etməsinə səbəb olmuşdur.
"Qələmizimizi süngüyə çevirək" devizi altında şeir, rəsm və yazı müsbiqələrinin təşəbbüskarıdır. 2019-cu ildə Azərbaycan Texnologiya Universitetinin Kommersiya fakültəsinə qəbul olub. Rayonumuzun ictimai-siyasi həyatında fəallıq göstərən Qalib Quliyev şagirdlərinə yüksək vətənpərvərlik hissi aşılayır, dövlətçiliyimizin müdafiəsi naminə öz vətəndaşlıq borcunu ictimai fəal gənc kimi əyani nümayiş etdirir. Vətənə, xalqa olan məhəbbətini təzahür etmək istəyi, Qarabağ həsrətini poetik dildə ifadə etmək məqsədi Qalib müəllimin yollarını jurnalist sahəsi ilə kəsişdirib. "Xocalının səsi" qəzetinin mərhum redaktoru Qasım Qırxqızlı redaksiyaya şeirlər göndərən gənc yazarın bacarığını görərək onu qəzetdə ictimai əsaslarla işləməyə dəvət edib. Qalib Quliyev 2013-cü ildən Xocalı rayon İcra Hakimiyyətinin qəzeti olan "Xocalının Səsi" qəzetində bölgə muxbiri və texniki redaktor kimi işləyib. 2015-ci ilin noyabr ayından "Xocalının səsi" qəzetinin və xocalininsesi.info saytının baş redaktoru vəzifəsində çalışır. Qalib Quliyev, Bəyməmmədoğlu təxəllüsü ilə jurnalistika sahəsində bir çox uğurlar qazanıb. Respublika jurnalistlərinin fərdi yazı müsabiqələrdə 5 dəfə III yerin, 1 dəfə I yerin qailibi olub. 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2012-ci ildən Yeni Azərbaycan Partiyası sıralarına qoşulub. 2022-ci il oktyabrın 18-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə Partiyanın fəal üzvü olaraq, uzun müddət Partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə YAP Xocalı rayon təşkilatı tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.
2018-ci il dekabr ayının 20-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin (indiki adı Qarabağ Dönüş İB) II Qurultayında Birliyin 23 nəfərdən ibarət İdarə Heyətinin üzvü seçilmişdir.
2019-cu ildə Qarabağ həqiqətlərini, Xocalı soyqırımı nəticələrini, erməni vəhşətini ictimaiyyətə çatdırılmasında və sosial şəbəkələrdə geniş təbliğinə görə Beynəlxalq Zaparojye Kazakları Birliyinin Ali Məclisinin Getmanının Ukrayna-Azərbaycan əlaqələri üzrə məsul nümayəndələrindən biri Üzeyir Vahabovun şərəfinə təsis edilmiş 65 il yubileyi medalı ilə təltif edilmişdir.
2020-cu ildə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Qafqaz-Media" İctimai Birliyinin "Gənclər gələcəyimizdir" layihəsi çərçivəsində "İlin fəal gənci" və "Gənclərin dostu" medalı ilə təltif olunub.
Mənfur qonşularımızın torpaqlarımıza təcavüzü nəticəsində 6 yaşında doğma ata-baba yurdundan didərgin düşən Qalib kiçik yaşlarından şeirlər yazmağa həvəs göstərmişdir. Onun yazdığı şeirlər əsasən vətənpərvərlik mövzusundadır. Xocalı rayonunun ümumtəhsil və mədəniyyət ocaqlarında, həmçinin respublikamızın bəzi məktəblərində Qalib Quliyevin Böyük Zəfərimizdən bəhs edən şeirləri şagirdlər tərəfindən fəxarətlə səsləndirilir. 2018-ci ildə keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının seçki kampaniyası dövründə Qalib Quliyevin "Verək səsimizi haqqın səsinə" adlı şeiri müxtəlif mətbu orqanlarda çap edilmiş, həmçinin xocalıların keçirdiyi təbliğat-təşviqat mitinqində səsləndirilmişdir. Qalib Bəyməmmədoğlunun 2021-ci ildə "Bu da mənim ürəyim" adlı şeirlər kitabı işıq üzü görmüşdür. 2022-ci ilin iyun ayından Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayında Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri seçilib. 44 günlük Vətən Müharibəsində informasiya cəbhəsində xüsusi fəallıq göstərmiş Qalib Bəyməmmədoğlu xocalıların müvəqqəti məskunlaşdıqları qəsəbələrdə haqq savaşımızın geniş təbliğ edilməsi, zəfər sevincimizin duyurulması məqsədilə türkiyəli jurnalistlərə dəfələrlə reportajlar və canlı yayımlar hazırlamalarına dəstək olmuşdur. Böyük Zəfərimizdən ruhlanan Qalib müəllim həm müəllim, həm də jurnalist kimi şərəfli peşəsini qürurla və həvəslə davam etdirir. Ailəlidir, iki qızı, bir oğlu var.